CƏMİYYƏT
Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən istehsal sexlərində reyd keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyin əməkdaşları Bakının Binəqədi rayonunda Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elbrus İsfəndiyar oğluna məxsus un və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanılması, daşınması və satışı zamanı sanitar-gigiyenik norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən edilib.
Sexlərdə məhsulların qablaşdırılmasında istifadə edilən karton materialın döşəmə ilə birbaşa təmasda saxlanıldığından məhsulların mikrobioloji çirklənməsinə səbəb olduğu, xəmirqarışdırıcının sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi aşkarlanıb.
Aşkar edilən hər iki faktla əlaqədar olaraq qanunvericiliyin tələbləri çərçivəsində həmin müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.