CƏMİYYƏT
Binəqədi rayonunda su sayğaclarını oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Vətəndaşların haqlı narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən Binəqədi rayonu ərazisində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində əlavə 8 mənzilin su sayğacını oğurladığı müəyyən edilib.
Z.Nəsirov ilkin ifadəsində oğurladığı sayğacları Qaraçuxur qəsəbəsində yaşadığı evin həyətində yandırdığını və içərisində olan misi Yasamal rayonu ərazisində metal qəbulu məntəqəsinə satdığını bildirib.
Əməliyyat tədbirinin davamı olaraq, Z.Nəsirovun oğurluq yolla əldə etdiyi misi satdığı metal qəbulu məntəqəsinin sahibi Laçın rayon sakini Rəfiqə Həşimova da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib.
Z.Nəsirovun ətrafında aparılan əlavə tədbirlər nəticəsində, həmçinin onun Binəqədi rayonunda yerləşən binaların bir neçəsinin liftinin əyləc dolaqlarını da oğurladığı məlum olub. Saxlanılan şəxs liftlərdəki oğurluq hadisələrini də qanunsuz olaraq, əlvan metal əldə edib satmaq niyyəti ilə həyata keçirdiyini boynuna alıb.
Göstərilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə, bu işlə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, öz fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər.