İQTİSADİYYAT


Binəqədi rayonunun daha bir küçəsində əsaslı təmir işləri yekunlaşıb VİDEO

Bakı, 14 fevral, AZƏRTAC

Binəqədi rayonunun daha bir küçəsində əsaslı təmir işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, agentlik tərəfindən kompleks tədbirlər davam etdirilir.

Bu çərçivədə Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha bir küçədə aparılan əsaslı təmir işləri yekunlaşdırılıb. Söhbət 1,9 kilometrlik Abay Kunanbayev küçəsindən gedir.

Aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1,3 kilometrlik hissədə 9 metrdən 12 metrə, 0,6 kilometrlik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 poqonmetr yeni səki daşları düzülüb.

Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılıb. Hərəkətin normal təşkili üçün küçələr boyu yeni yol nişanları quraşdırılmaqla və yolun üfüqi nişanlama xətləri çəkilməklə küçədə tam yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.