ELM VƏ TƏHSİL
Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda “məlumat saatı” keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətində “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda “məlumat saatı” keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon bələdiyyələri, təhsil işçiləri, ASAN Könüllüləri və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov mövzunun əhəmiyyətindən danışıb.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi rayonunda “məlumat saatı”nın ənənəvi olaraq Bilik Fondu ilə birgə keçirildiyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın davamlı olacağını bildirib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim xüsusi önəm verdiyi vurğulanıb, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyi bildirilib.
Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığı, təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyi qeyd edilib, maddi-texniki təminat istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirildiyi və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyi diqqətə çatdırılıb.