QAN YADDAŞI
Binəqədidə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı yürüş keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Binəqədi rayonunda “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Erməni yalanına işıq sal” devizi altında yürüş keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, minə yaxın rayon sakinin iştirak etdiyi yürüş Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda etmiş 20 Yanvar şəhidlərinin xatirəsinə Biləcəri qəsəbəsində ucaldılmış “Güllə Yağışı” abidəsinin önündən başlanılıb və Milli Qəhrəmanlar abidəsinədək davam edib. Yürüşdə rayonun fəal gəncləri, ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon gəncləri yürüş boyu Xocalıda ermənilər tərəfindən qətlə yetirilən həmvətənlərimizin adları və soyadlarının həkk olunduğu lövhələri öz üzərlərində daşıyıblar.
Tədbir Biləcəri qəsəbəsində Milli Qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə kompozisiyanın səsləndirilməsi ilə davam edib. Kompozisiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış çarx səsləndirilib.
Sonra yürüş iştirakçıları tərəfindən hazırlanmış qətnamə oxunub.