CƏMİYYƏT


Binəqədidə ilk dəfə səs verəcək gənclər maarifləndirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Binəqədi rayonunda ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəallığının artırılması üçün “Sənin səsin – sənin gələcəyin” mövzusunda tədbir keçirilib.

Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə idarə rəisi Qüdsi Bayramov Milli Məclisə keçiriləcək seçkilərdən, ilk dəfə səs verəcək gənclərin üzərinə düşən məsuliyyətdən danışıb, rayon ərazisində seçki prosesinə hazırlığın vəziyyəti haqqında məlumat verib.

Mərkəzi Seçki Komissiyası katibliyi beynəlxalq əlaqələr şöbəsi treninq sektorunun müdiri Ramin Nurəliyev Azərbaycanda seçki prosesi ilə bağlı qanunvericilik və burada nəzərdə tutulan bir sıra məqamlara aydınlıq gətirib. O, seçki zamanı istifadə olunan əyani vəsaitlər əsasında seçki prosesini izah edib, gənclərə seçkilərdə səs vermək üçün mövcud prosedur qaydaları açıqlayıb.

Tədbirdə ilk dəfə səs verəcək gənclərdən bir neçəsi çıxış edərək seçki hüququndan istifadənin zəruriliyini vurğulayıblar. Gənclər ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin bilavasitə öz fəaliyyətlərində gördüklərini nəzərə çatdırıblar. Onlar iştirak etdikləri layihə və qazandıqları uğurlardan bəhs ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin dünyada uğurlu bir model olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə gənclər sahəsində qəbul edilən qanunvericilik aktları, həyata keçirilən böyük layihələr artıq bir nümunə kimi beynəlxalq aləmdə öz təsdiqini tapıb. O, gəncləri hüquqlarından istifadə etməyə və hər zaman dövlətin yanında olmağa səsləyib.

Tədbir gənclərin müzakirələri ilə davam etdirilib, ekspertlər gəncləri maraqlandıran sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.