CƏMİYYƏT
Binəqədidə limonad məhsullarının istehsalı müəssisəsində yoxlama aparılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan şikayət əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri şossesində fəaliyyət göstərən fiziki şəxs Qurbanov Şamil Əbdülrəhim oğluna məxsus limonad məhsullarının istehsalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə, eləcə də istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən edilib. Məlum olub ki, burada istehsal məqsədilə istifadə edilən su filtrləri mütəmadi olaraq təmizlənmir və dövri laborator müayinədən keçirilmir. Müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda içkilərin istehsalı zamanı istifadə edilən aromatların açıq vəziyyətdə istismar üçün yararsız qablarda saxlanıldığı, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəraitdə yuyulduğu aşkarlanıb.
Bundan əlavə, sexdə etiketlənməmiş və üzərində istehsal tarixi göstərilməyən limonad məhsulları, qablaşdırmada istifadə olunan plastik butulka və qapaqların steril olmadığı da aşkar edilib. Müəyyən olunub ki, təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər yoxdur.
İstehsal olunmuş alkoqolsuz içkilərdən müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.