CƏMİYYƏT
Binəqədidə qanunsuz fəaliyyət göstərən un və qənnadı məmulatların istehsalı müəssisəsi aşkarlanıb
Bakı, 14 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonu, Biləcəri şəhər tipli qəsəbə, Binəqədi şosesi, Yeni yaşayış massivi, Şimal küçəsi, döngə 4 ünvanında fəaliyyət göstərən un və qənnadı məmulatların istehsalı müəssisəsində antisanitar şəraitdə məhsulların istehsalı və satışı barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında un və qənnadı məmulatların istehsalı müəssisəsinə baxış keçirilib.
Baxış zamanı müəyyən edilib ki, fiziki şəxs Çin Xalq Respublikası vətəndaşı Xuefeng Yeyə məxsus müəssisədə kustar üsulla “Bakı bulka” və “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsullarının istehsalı və satışı həyata keçirilir. İlkin baxış keçirilən zaman müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi və məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.
Yoxlama zamanı müəssisədə üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin düzgün qeyd edilmədiyi və qanunvericiliyin tələblərinin pozularaq məhsulların istehsal tarixinin 3-5 gün sonraya, saxlama müddətinin isə 72 saat olmasına baxmayaraq standartların və normativ texniki sənədlərin tələbləri pozularaq 30 gün göstərilir. Qanunsuz fəaliyyət göstərən müəssisədə 1850 ədəd qablaşdırmada “Bakı bulka” və 312 ədəd qablaşdırmada “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsulları aşkarlanıb və dövriyyədən çıxarılaraq satışı qadağan edilib.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.