CƏMİYYƏT
Binəqədidə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün 72 nəfərin sənədləri qəbul edilib
Bakı, 17 fevral, AZƏRTAC
Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları bu sənədlərin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirmək, vətəndaş məmnunluğunu təmin etmək üçün Biləcəri qəsəbəsində olublar.
Biləcəri bələdiyyəsinin inzibati binasında keçirilən tədbirdə 72 nəfərin müvafiq sənədləri qəbul edilib. Şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edənlərdən beşi azyaşlı olub.
Müraciət edənlərin qan qrupunu müəyyənləşdirmək üçün 15 saylı poliklinikanın tibb işçiləri də tədbirdə iştirak ediblər.
Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları belə tədbirlərin digər qəsəbələrdə də keçiriləcəyini bildiriblər.