ELM VƏ TƏHSİL
Biofizika İnstitutunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Biofizika İnstitutunda 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Biofizika İnstitutundan məlumat verilib.
Tədbirdə institutun elmi katibi Florida Mehrəliyeva, Kadrlar şöbəsinin müdiri Mehriban Əhmədova çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından bəhs ediblər. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğu, silahlı qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi, hərbi kadrların hazırlanması daim diqqətdə saxlanılıb. Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, 30 illik işğala son qoyan ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək Ermənistan ordusunun “məğlubedilməzliyi haqqında mifi” darmadağın etdi.
İnstitutun Qadınlar Şurasının sədri Əsmər Məmmədova çıxışında Qarabağ müharibəsində Azərbaycan qadınlarının iştirakından və rolundan danışıb. O, I və II Qarabağ müharibələrində yüzlərlə Azərbaycan qadınının həm ön cəbhədə, həm də arxa cəbhədə yüksək qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.