ELM VƏ TƏHSİL
Biofizika İnstitutunda molekulyar və hüceyrə onkologiyası laboratoriyası yaradılır
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda ilk olaraq Rəyasət Heyətinin “AMEA-nın Biofizika İnstitutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) ilə birgə molekulyar və hüceyrə onkologiyası laboratoriyasının yaradılması haqqında” 2019-cu il 3 aprel tarixli qərarı müzakirə olunub və yaradılacaq laboratoriyanın rəhbərinin təyin edilməsi məsələsinə baxılıb. Elmi şuranın qərarı ilə Biofizika İnstitutundan AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Oktay Qasımov, MOM tərəfdən isə biologiya üzrə fəlsəfə doktoru Leyla Məlikova ictimai əsaslarla fəaliyyət göstərəcək birgə laboratoriyanın rəhbəri təyin ediliblər.
Gündəliyə çıxarılan digər məsələ ilə bağlı institutun elmi katibi Florida Mehrəliyeva çıxış edərək dissertantların attestasiyasının nəticələri haqqında məlumat verib. Müzakirələrdən sonra şuranın qərarı ilə nəticələr qənaətbəxş hesab olunaraq təsdiqlənib.
Sonra şura üzvlərinə ölkə başçısı İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə tərtib edilən “AMEA-nın 2019-2020-ci illər üçün Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrinə dair” tədbirlər planı haqqında məlumat verilib, bu istiqamətdə elmi müəssisənin üzərinə düşən vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.