REGİONLAR
Biohumus ən keyfiyyətli ekoloji təmiz üzvi gübrədir
Tərtər, 28 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun Buruc kəndində Aqro İnformasiya Mərkəzinin (AİM) “Ekoloji fermerçilik” layihəsi çərçivəsində yaradılmış biohumus istehsalı ilə məşğul olan “Soxulcan evi” fəaliyyət göstərir.
Biohumus istehsalçısı Füzuli Yusifov AZƏRTAC-a biohumusun istehsalı, istifadəsi və faydaları barədə məlumat verib. Bildirib ki, biohumus Kaliforniya soxulcanları vasitəsilə istehsal edilir. Bu soxulcanlar adi soxulcanlardan daha böyük miqdarda qida qəbul etmələri və daha fəal olmaları ilə fərqlənirlər. Soxulcanlar sutka ərzində öz çəkisi qədər qida qəbul edir və onun 60 faizini ifraz edirlər. Beləliklə, dünyada ən keyfiyyətli üzvi gübrə hesab olunan biohumus meydana gəlir.
Kaliforniya soxulcanı üzvi tullantılarla - heyvan peyini ilə qidalanır. Adi peyin soxulcanın bağırsağından keçdikdən və ifraz olunduqdan sonra onun üzvi gübrə kimi keyfiyyəti 15 dəfə artır.
Ekoloji təmiz və bol məhsul yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə biohumusdan geniş istifadə olunur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə növüdür. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları vardır. Biohumus torpağı qida maddələri ilə zənginləşdirir, bitkilərdə məhsuldarlığı 30-45 faiz artırır, məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir, ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir. Biohumus, həmçinin bitkilərin qida maddələrinə olan tələbatını maksimum təmin edir, onların xəstəlik və ziyanvericilərə qarşı davamlılığını artırır.
F. Yusifov bildirib ki, hazırda “Soxulcan evi”ndə 4 quyu var. Üç quyuda soxulcanlar yemlənir, 1 quyu isə ehtiyatda saxlanılır. Quyular biohumusla dolduqda soxulcanlar boş quyuya köçürülür və ifraz olunan peyin yığılaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilir.