ELM VƏ TƏHSİL
Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclasında 15 tədqiqat işi ilə bağlı müzakirələr aparılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının tibb işçi qrupu ilə birgə iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, onlayn iclasda AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İclasda tibb üzrə 12, biologiya üzrə 3 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb üzrə fəlsəfə doktoru Aynur Safıyeva, tibb üzrə fəlsəfə doktoru Rüfət Hüseynli və biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva tərəfindən təqdim edilib.
Müzakirələrdə problem şurasının, tibb işçi qrupunun üzvləri, iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər. Müzakirəyə çıxarılan tibb üzrə 9, biologiya üzrə 3 dissertasiya işi bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, tibb üzrə 3 iş təkrar baxılmaq üçün geri qaytarılıb.