ELM VƏ TƏHSİL
Biologiya fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) biologiya fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin V sinifləri üçün variativ “Həyat bilgisi” dərslikləri və metodik vəsaitlər müzakirə olunmuşdur.
Müzakirədə dərslik müəlliflərindən Nüşabə Məmmədova iştirak etmişdir. Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrinin müvafiq fənn müəllimləri də internet vasitəsilə iştirak etmişlər.
Müzakirələrdə iştirak edənlər dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlərini bildirmiş, təkliflər vermişlər.
Müzakirələr nəticəsində formalaşmış yekun rəy müəlliflərə və müvafiq qurumlara təqdim ediləcəkdir.