ELM VƏ TƏHSİL
Biologiya problemləri üzrə elmi şuranın iclasında 34 dissertasiya mövzusu təsdiqlənib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının biologiya problemləri üzrə elmi şurasının cari ildə ilk iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik İradə Hüseynovanın sədrliyi ilə keçirilən iclasda 20-si elmlər doktorluğu, 20-i isə fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 40 dissertasiya mövzusu müzakirə edilib.
Müzakirələrdə şuranın elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov, şuranın üzvləri akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvləri Xəlil Qasımov, İlham Ələkbərov, biologiya üzrə elmlər doktorları Səftər Süleymanov, Səyyarə İbadullayeva, Elman İsgəndər, Yaşar Feyziyev, Arif Mehdiyev, professor Canbaxış Nəcəfov və digərləri mövzularla bağlı fikir və təkliflərini səsləndiriblər.
İclasda müzakirə edilən 40 mövzudan 16-sı elmlər, 18-i fəlsəfə doktoru üzrə olmaqla 34 mövzu müəyyən dəyişikliklər edilməklə təsdiqlənib, 6 mövzu isə yenidən baxılması üçün müvafiq təşkilatlara qaytarılıb.