ELM VƏ TƏHSİL


Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağında bir sıra məsələlər müzakirə olunub

Bakı, 22 aprel, AZƏRTAC 

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun “İnsan furin zülalı geninin ko-ekspressiyası ilə terapevtik zülalların və vaksinlərin yaşıl bitki yarpaqlarında sintezi” mövzusunda elmi məruzəsi dinlənilib. Alim məruzəsində furin enziminin geniş subtrat spesifikliyi ilə fərqləndiyini, müxtəlif zülalların aktivləşməsində iştirak etdiyini, qan laxtalanmasının, hüceyrənin səth reseptorlarının, hormonların və antraks toksininin tənzimlənməsində böyük rol oynadığını söyləyib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, məruzənin AMEA Rəyasət Heyətinin növbəti iclasına tövsiyə olunmasına qərar verilib.

Tədbirdə bölmənin elmi müəssisələrinin 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təkliflər səsləndirilib, yerlərin sayının artırılması barədə Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Bundan əlavə, Rəyasət Heyətinin “AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli, həmçinin “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2018-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” 2019-cu il 25 yanvar tarixli qərarlarının aidiyyəti bəndlərinin icrası barədə müzakirələr aparılıb. İclasda “AMEA-nın professoru” müsabiqəsinə namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət komissiya yaradılıb.

Yığıncaqda Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının rəhbəri, dosent Adil Əliyevə 80 illik və Genetik Ehtiyatlar İnstitutunun Quba təcrübə bazasının aparıcı elmi işçisi, dosent Dilşad Bayramovaya 70 illik yubileyləri münasibətilə bölmənin fəxri fərmanlarının verilməsi qərara alınıb.

Eyni zamanda, Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyevə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq muzeyinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rəna Mirzəzadəyə yubileyləri ilə bağlı, eləcə də BTEB-in elmi müəssisə və təşkilatlarının bəzi əməkdaşlarına “Elm günü” ilə əlaqədar bölmənin fəxri fərmanları təqdim edilib.

Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Aynurə Paşayevanın Koreya Respublikasına, şöbə müdiri Samirə Rüstəmovanın isə Almaniyaya ezam edilməsi haqqında qərar qəbul olunub.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.