ELM VƏ TƏHSİL
“Biologiya” və “Ümumi tarix” dərsliklərinin məzmunu ilə bağlı müzakirələr aparılıb
Bakı, 10 yanvar, AZƏRTAC
Biologiya və tarix fənləri üzrə elmi-metodik seminarlar keçirilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, seminarlarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər. Gündəlik məsələ 6-7-ci siniflər üçün “Biologiya”, 7 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin monitorinqinə aid olub.
Biologiya fənni üzrə seminarda biologiya elmləri namizədi Turan Məmmədxanlı 6-7-ci siniflər üçün “Biologiya” dərsliklərinin məzmunu ilə bağlı təqdimatla çıxış edib.
Tarix fənni üzrə seminarda isə tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədov gündəlik məsələ ilə bağlı məlumat verərək iştirakçıları dərsliklərin müzakirəsində fəal olmağa, qeyd və təkliflərini bildirməyə çağırıb.
Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlov, Bakı şəhəri 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov, 102 nömrəli tam orta məktəbin müəllimi Ruslan Rzayev və 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı 7 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin məzmununa dair təqdimatlarla çıxış ediblər.
Hər iki seminarda müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.
Növbəti seminarlarda 7-8-ci sinif “Biologiya”, 8 və 10-cu siniflər üçün “Ümumi tarix” dərsliklərinin məzmunu ilə bağlı müzakirələr aparılacaq.