ELM VƏ TƏHSİL


“Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 10 aprel, P.İmanova, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən elan olunmuş “Biologiya və aqrar sahədə səmərəli tətbiq işi” mövzusunda müsabiqəyə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müsabiqə barədə məlumat verib. Bildirib ki, “Elm günü”nə həsr edilən müsabiqədə AMEA-nın müxtəlif institutlarından və digər müəssisələrdən gənc alim və mütəxəssislər iştirak ediblər. Qeyd edilib ki, müsabiqə ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclərin yetişməsində, onların elmə cəlb olunmasında, potensiallarının üzə çıxarılmasında, aqrar və digər sahələrin inkişafında böyük əhəmiyyət daşıyır.

Gənc alim və mütəxəssislər elmi–tədqiqat işlərini təqdim ediblər. Gənc alimlərin “Müxtəlif arxitektonikalı buğda genotiplərində quraqlıq stresi və onun bərpası zamanı antioksidant müdafiə sistemlərinin rolu”, “Böyük Qafqazın şimal-şərq yamacı dağ geosistemlərdə kənd təsərrüfatının inkişaf perspektivləri”, “Bitkilərin duzadavamlılığının qiymətləndirilməsində fizioloji və biokimyəvi markerlərin rolu”, “Yosunun kənd təsərrüfatında və sənayedə əhəmiyyəti”, “Buğda genotiplərində karbonun ilkin assimilyasiyasında iştirak edən bəzi fermentlərin stress faktorlarının təsirindən asılı olaraq tənzimləmə mexanizmlərinin tədqiqi”, “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodiki göstəriş” və digər mövzularda məruzələri dinlənilib.

Sonra münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşib və mükafatlandırılıb. Müsabiqənin nəticələrinə görə, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Ulduza Qurbanova I, həmin institutun gənc alimi Turanə İsgəndərova II, Torpaqşünaslıq və Aqrokimya İnstitutundan Zaman Məmmədov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan Lalə Aydınlı III yerə layiq görülüblər.

Qaliblərə diplom, iştirakçılara isə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.