REGİONLAR
Bioloji Təbabət Klinikasının Masallı filialı istifadəyə verilib
Masallı, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 1-də Masallı şəhərində Bioloji Təbabət Klinikasının filialı istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, İnsan Resursları Departamentinin rəhbəri Təranə Mahmudova, tibb elmləri doktoru, Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyətinin prezidenti Fikriyyə İbrahimli və başqaları rayon sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər. Bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Bioloji Təbabət Klinikası ölkəmizdə bioloji üsullarla müalicənin tətbiqini qarşısına məqsəd qoyub. Bioloji təbabət orqanizmin özünüidarə və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən, baş verən xəstəliklərin səbəblərinin aradan qaldırılmasına yönələn müasir müalicə metodudur. Bu müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur, müalicə zamanı digər orqan və sistemlər zədələnmir.
Qonaqlar filialda yaradılan şəraitlə tanış olublar.