CƏMİYYƏT
Bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə agentliyin sədr müavini Rəşad Mafusov bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərini və onların üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.
Qeyd edilib ki, bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı sahəsində sahibkarlıq fəaliyyəti yalnız qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli, əhalinin sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Görüşdə bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, məhsulların analizi, ekspertiza rəyi, istifadə təlimatı, etiket məlumatları və digər mövzularla əlaqədar geniş müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.