ELM VƏ TƏHSİL
Bioloq alimlər Nizami bağının ərazisində müşahidələr aparıblar

Bakı, 7 iyun, AZƏRTAC
Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Gülməmmədova tərəfindən Abşeronda Nizami bağının ərazisinə ekspedisiya təşkil edilərək orada müşahidələr aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yerli və müxtəlif ölkələrdən Abşeron şəraitinə introduksiya olunmuş 37 növdən ibarət dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi və mənşəyi təyin edilib. Həmçinin bitkilərin kompozisiyalarda bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya təbii (orijinal formalı) üslublarda tərtibatı, kompozisiyaların ətrafında kiçik memarlıq formalarının (fəvvarə, fənər, oturacaq, gül səbəti, fiqur və s.) istifadə qaydaları öyrənilib. Kompozisiyaların tərtibatında əsasən landşaft və ya təbii (orijinal formalı) üsluba üstünlük verilib.
Laboratoriyada aparılan tədqiqat nəticəsində məlum olub ki, Nizami bağının ərazisində taksonomik tərkibi, mənşəyi öyrənilən 37 növə aid dekorativ ağac, kol və ot bitkiləri Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir, yaşıllaşdırmada, park və bağlarda müxtəlif formalı kompozisiyaların tərtibatında geniş istifadə oluna bilər.