CƏMİYYƏT


Bioloqlar Panamada yeni qurbağa növü aşkarlayıblar

Madrid, 11 yanvar, AZƏRTAC

Beynəlxalq bioloqlar qrupu Panamada qurbağanın yeni növünü aşkarlayıblar. Gənc isveçli fəal Qreta Tunberqin şərəfinə və onun iqlim böhranı ilə mübarizədə səylərinə görə bu yeni növə “Qreta Tunberq” adı verilib.

AZƏRTAC xəbər verir ki, “Qreta Tunberq” qurbağası (elmi adı “Pristimantis gretathunbergae sp.nov.”) Cənubi Amerikada rast gəlinən suda-quruda yaşayan quyruqsuzlar növünə aid yağış qurbağaları qrupuna daxildir.

Tropik meşələrin qorunmasına və dayanıqlı inkişafına yardım edən ADOPTA qeyri-hökumət təşkilatının rəhbəri, bioloq Qvido Bergidonun sözlərinə görə, Panamanın endemiki olan yeni qurbağa növü yalnız Panama Respublikasında qeydə alınıb və Daryen əyalətinin, həmçinin mərkəzi Panamanın yüksək dağlarında yaşayır. Yəni yayılma sahəsi çox məhdud olan bu növün nəsli kəsilmək təhlükəsi var.

Panamanın Ətraf Mühit Nazirliyinin və ADOPTA qeyri-hökumət təşkilatının məlumatına görə, qurbağanın gözlərinin rənginin qara olması Mərkəzi Amerika yağış qurbağalarının unikal xüsusiyyətidir, onun yaxın “qohum”ları isə Kolumbiyanın şimal-qərbində məskunlaşır.

Bu qurbağaların nəslinin kəsilməsi təhlükəsi birbaşa iqlim dəyişmələri ilə bağlıdır. Temperaturun qalxması onların dağlıq yaşayış mühitini məhv edir, çünki bu region son illər ərzində artıq öz meşə örtüyünün 30 faizini itirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.