ELM VƏ TƏHSİL
Biotibbi texnologiyalar mühəndisliyinin problemlərinə dair müzakirələr aparılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) cihazqayırma mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Biotibbi texnologiyalar mühəndisliyinin problemləri və perspektivləri” mövzusunda seminar keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri seminarda universitetin rektoru, professor Mustafa Babanlı mövzunun əhəmiyyətindən danışıb.
Sonra kafedranın dosenti, texnika elmləri doktoru Lalə Bəkirova “Tibbi diaqnostikada biotibbi texnologiyalar mühəndisliyinin yeri və rolu” mövzusunda çıxış edib.
Seminara online qoşulan Fransanın Burqon Fransh-Comte universitetinin əməkdaşı, doktor Elmar Yusiflinin “Biotibbi cihazların düzəldilməsində elektronikanın rolu” mövzusunda məruzəsi dinlənilib.
ADNSU-nun məzunu olan E.Yusifli seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə “Ömür” klinikasının qeyri-invaziv kardiologiya mərkəzinin rəhbəri, Avropa kardiologiya cəmiyyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Oruc Mehrəliyev “Kardiostandartlar və alqoritmik diaqnostika”, biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə təhsil alan Rəvan Qəmbərov “Holter monitor qurğusu ilə kardioqrafik siqnallarının alınması və işlənməsi”, ADNSU-nun İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Hüseyn “Ürək və damar əməliyyatında robot cərrahiyəsi üsulu” (Da Vinçi qurğusu) mövzularında məruzə ilə çıxış ediblər.