ELM VƏ TƏHSİL
“Bir” Tələbə-Könüllü Proqramı 20 mindən çox tələbəni əhatə edir
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin moderatoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Səfər Məmmədov “Bir” Tələbə-Könüllü Proqramı haqqında məlumat verib. Bildirib ki, bu proqram iki ildir fəaliyyət göstərir, ölkəmizin 36 ali və orta ixtisas təhsili müəssisəsində 20 mindən çox tələbəni əhatə edir. Proqramla bağlı 250-dən çox tədbir keçirilib.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının ümumi işlər üzrə əlaqələndiricisi Canoğlan İlyasov qeyd edib ki, ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə-könüllülər böyük rol oynayırlar. Bu proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunaraq dünyagörüşlərini genişləndirir və akademik təhsildən ayrılmadan sosial fəallıqlarını artırırlar. Proqramın seçim meyarlarına tələbənin könüllü şəkildə proqram və tədbirlərdə iştirakı, təhsil aldığı ali təhsil müəssisəsində ictimai fəallığı ilə seçilməsi, yüksək təşkilatçılığı, təhlil etmək və araşdırma aparmaq bacarığı, ictimai işlərdə təcrübəyə malik olması, rus və ingilis dillərini bilməsi daxildir. Proqramla bağlı bir çox universitetlərdə tədbirlər keçirilir. Bu proqram könüllü-tələbələrə Avropa ölkələrində keçirilən beynəlxalq tədbirlərdə də iştirak etmək imkanı verir.
Tədbirdə “Bir” Tələbə-Könüllü Proqramının ADPU üzrə əlaqələndiriciləri, riyaziyyat və informatika fakültəsinin III tədris ilinin tələbəsi Aynur Alıyeva, məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin II tədris ili tələbəsi Nərmin Məmmədli çıxış edərək proqramın gənclərin sosial fəallığının artmasına səmərəli təsir göstərdiyini bildiriblər və tələbələri könüllü olmağa çağırıblar.
Təqdimatda əyləncəli videoçarxlar nümayiş etdirilib, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırılıb.