CƏMİYYƏT


Bir ailənin 19 illik övlad həsrətinə son qoyulub

Bakı, 10 iyul, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında daha bir riskli hamiləlik uğurla nəticələnib. ATU-nun həkimlərinin səyləri nəticəsində bir ailənin 19 illik övlad həsrətinə son qoyulub.

Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.

ATU-nun I mamalıq-ginekologiya kafedrasının assistenti, həkim-ginekoloq Arzu İsmayılova ailənin ona hamiləliyin 3-cü ayında müraciət etdiyini və bunun qadının 19-cu hamiləliyi olduğunu deyib: “Bundan əvvəlki 18 hamiləlik təxminən 5-6-cı aylarda mənfi sonluqla bitib. Ona görə də vaxtından qabaq düşük doğuş təhlükəsini aradan qaldırmaq üçün hamilə qadında qabaqlayıcı müalicələr aparılıb. Hamiləliyin 22-ci həftəsindən sonra patologiya şöbəsində yerləşdirilən qadın sona qədər izlənilib. Müalicə zamanı, ilk növbədə, infeksiya amili, şəkərin yuxarı olması və qalxanvari vəz patologiyası nəzərə alınıb. Hamiləliyi erkən sonlandırmaq məcburiyyətində qalsaq da, ailənin ümidlərini doğrultduq. Hamiləliyin 7-ci ayında doğulan körpə neonatologiya şöbəsində ciddi nəzarətdə saxlanıldı”.

Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bildirib ki, onlara müraciət edən qadının infeksion markerləri yüksək olub, endokrin patologiyalardan, dəfələrlə düşüklərlə nəticələnmiş hamiləlikdən əziyyət çəkib. Həmin ananın bir övladı doğulsa da, sağ qalmayıb: “Mənim üçün vacib idi ki, baş-beyinlə bağlı problem yaşamayaq. Çünki ağciyər, mədə-bağırsaq, mübadilə, eyni zamanda, qorunmaz immun sistemləri, bu sistemlərlə bağlı çox ciddi problemlərimizin olacağını əvvəlcədən bilirdik. Amma baş-beyinlə bağlı problemin olması bizim işimizi demək olar ki, imkansız hala gətirib çıxarardı. Xoşbəxtlikdən beyinlə bağlı problemimiz olmadı. Belə uşaqlarda qansızmaları çox görürük. Ginekoloqların köməyi ilə bu problemdən də qorunduq”.

Ailə onlara bu xoşbəxt anları yaşadan tibbi personala dərin minnətdarlıqlarını bildirib. Körpə ailəsi ilə birgə evə yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.