MƏDƏNİYYƏT
“Bir dəli yağış” adlı şeir toplusunun təqdimatı olub
Bakı, 24 may, AZƏRTAC
Bakı Kitab Mərkəzində Macarıstan səfirliyinin dəstəyi ilə görkəmli macar şairi Mikloş Radnotinin “Bir dəli yağış” adlı şeir toplusunun təqdimatı keçirilib.
Kitab Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba şair, filosof Rasim Müzəffərli və şair, publisist, tərcüməçi Davud Nəsibin Azərbaycan dilinə tərcümə edilmiş M. Radnotinin müxtəlif illərdə yazdığı seçilmiş əsərləri daxil edilib.
Tədbirdə məlumat verilib ki, XX əsrin görkəmli liriklərindən biri Mikloş Radnoti (1909-1944) qısa ömür yaşayıb. İkinci Dünya müharibəsi illərində o, faşist əmək düşərgələrində zülm çəkərək 1944-cü ildə 35 yaşında qətlə yetirilib.
Təqdimat mərasimində çıxış edən Macarıstan səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Mihay Qruber M.Radnotinin həyat və yaradıcılığı haqqında söz açıb.
Şair Rasim Müzəffərli, macar türkoloq alim, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Maria Keneşşi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova M. Radnotinin həyat və yaradıcılığından, kitab üzərində iş prosesindən, Macarıstan-Azərbaycan ikitərəfli elmi-mədəni əlaqələrindən və macar müəlliflərinin Azərbaycan dilinə tərcümələrindən məlumat veriblər.
Çıxış edənlər Mikloş Radnoti yaradıcılığında sezilən ümumbəşəri fəlakətin yaxınlaşmasından duyulan dəhşəti, ölümdən doğan vahiməni qeyd edib, eyni zamanda, cəsarətli şairin hər bir vəziyyətdə şərəf və ləyaqətini qoruyub saxlamağı bacardığını vurğuladılar.
Qeyd edək ki, Bakı Kitab Mərkəzində satışda olan M.Radnotinin kitabından əldə edilən gəlir “Nargis” fonduna yönəldiləcək.