ELM VƏ TƏHSİL
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, professor və müəllimlərin, mütəxəssislərin iştirak etdikləri tədbirdə BDU-nun professoru İzzət Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinə daim xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini deyib.
Müsəlman Şərqinin ilk ali təhsil ocağı olan universitetin olduqca şərəfli yol keçdiyini vurğulayan alim “Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının nüfuzlu təhsil ocağı haqqında dəyərli mənbə olduğunu bildirib.
Nəşrin müəllifi Günel Məlikli Bakı Dövlət Universitetinin elm və təhsilin inkişafındakı müstəsna rolundan danışıb. O, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu sonsuz qürur hissləri ilə vurğulayıb.
Qeyd edilib ki, təqdim olunan kitabda Bakı Dövlət Universitetinin 100 illik tarixi dövrü, keçdiyi şərəfli yol araşdırılıb. Universitetin böyük potensialı, inkişaf istiqamətləri, dünya təhsil sisteminə inteqrasiyası, fakültələri, elmi tədqiqatların son texnologiyalarının tətbiqi və s. haqqında geniş məlumat verilib. Nəşrdə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı fikirləri, çıxışları ətraflı təqdim olunur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakı Dövlət Universitetinin nüfuzlu elm və təhsil mərkəzi olduğunu deyib, kitabın əhəmiyyətini vurğulayıb.
Professor Hikmət Əlizadə və digər çıxış edən alimlər də “Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabı ilə bağlı fikirlərini bildiriblər.
Nəşr tədqiqatçılar, tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.