ELM VƏ TƏHSİL
“Bir əsrlik tarix” – uğur və qələbə yolu






Bakı, 5 iyun, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin və A.Muradov adına 84 nömrəli tam orta məktəbin yubileylərinə həsr olunmuş “Bir əsrlik tarix” adlı tədbir keçirilib. Tədbirdən öncə qonaqlar Suraxanı rayon Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Röya İslamova Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı olan, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb. O, paytaxtın təhsil həyatında özünəməxsus ənənələri ilə fərqlənən məktəbin tədris nailiyyətlərinin daha da yaxşılaşacağına, məzunların ali məktəblərə qəbul göstəricilərinin yüksələcəyinə ümidvar olduğunu söyləyib.
Təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu deyən H.Əsgərov Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini və Prezident İlham Əliyev tərəfindən təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edib, gələcək illərdə onların fəaliyyətinin daha parlaq olacağına əminliyini ifadə edib.
Mərasimdə çıxış edənlər son illərdə paytaxtın ümumi təhsil müəssisələrində tətbiq olunan yeniliklərdən, təhsil sahəsində aparılan islahatlardan və perspektiv məsələlərdən danışıblar.
Tədbirdə təhsil müəssisəsinin tarixi və uğurları haqqında səhnəciklər və videoçarx nümayiş olunub.
Yubiley tədbirində şagirdlər vətənpərvərlikdən, təhsil və məktəb həyatından bəhs edən şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.