CƏMİYYƏT
Bir əsrlik yubileyini qeyd edən Beynəlxalq Əmək Təşkilatı əmək bazarında əsaslı dəyişikliklərə hazırlaşır
Bakı, 11 aprel, AZƏRTAC
Beynəlxalq Əmək Təşkilatı (BƏT) həmişə - münaqişə və sülh, demokratiya və diktatura, müstəmləkəçiliyin ləğvi və soyuq müharibə, qloballaşma və turbulentlik şəraitində sosial tərəqqi uğrunda mübarizədə çox mühüm rol oynayıb. Süni intellektin tətbiqi və robotlaşma ilə əlaqədar yaranan problemlərin öhdəsindən gəlməyə də məhz BƏT kömək edə bilər.
AZƏRTAC BMT xəbərlər mərkəzinə istinadla bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş bu fikirləri BƏT-in 100 illiyi münasibətilə BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilmiş iclasdakı çıxışında söyləyib.
BƏT Birinci Dünya müharibəsi başa çatandan az sonra - 1919-cu ildə baş verən sosial dəyişikliklər dalğasında yaradılıb. Onun əsas məqsədi bütün dünyada qadınlar və kişilər üçün layiqli əmək şəraitini təmin etməkdir.
BƏT-in Nizamnaməsi 1919-cu il aprelin 11-də Paris Sülh Konfransının plenar iclasında qəbul edilib. 1926-cı ildə BƏT-in Cenevrədəki qərargahı bu qurumun üçtərəfli strukturunun rəmzi olan üç açarla açılıb: təşkilatda hökumətlər, işəgötürənlər və işçilər təmsil olunub. BMT-nin Baş katibi deyib: “Bu üçtərəfli idarəçilik modeli effektivliyin və legitimliyin əsasıdır”.
Son illərdə BƏT ədalətli qloballaşma konsepsiyasının fəal tərəfdarı kimi çıxış edir. Bu konsepsiya 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf gündəliyinə daxil edilib.
Antonio Quttereş BƏT-in gələcək peşələr üzrə komissiyasının çağırışını alqışlayıb. Rəqəmsal dövrün tələblərinə uyğun yeni sosial müqavilə bağlanması üzrə komissiyanın rəhbərləri Cənubi Afrika Prezidenti və İsveçin baş naziridir.
İclasda BƏT-in baş direktoru Qay Rayder də çıxış edib. O bildirib ki, gələcək öz əlimizdədir, buna görə əmək bazarında dəyişikliklərdən qorxmamaq, yeni yaranan imkanlardan istifadə etmək lazımdır. Qay Rayder təhsilin yeni formalarına sərmayə qoymağı təkidlə tövsiyə edib.
BƏT-in rəhbəri deyib: “BƏT-in gələcək peşələr üzrə komissiyası aşkar, lakin çox vacib nəticəyə gəlib ki, sabahkı günümüz hələ müəyyən olunmayıb. Bizim gələcəyimiz texnoloji inkişafın nəticəsi deyil, bizim seçimimizin nəticəsi olacaq”.
Bu gün BƏT-in 100 illiyi münasibətilə 24 saatlıq ümumdünya telemarafonu keçirilir: BƏT-in dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 24 nümayəndəliyində keçirilən yubiley tədbirləri bir sutka ərzində onlayn rejimdə fasiləsiz translyasiya edilir.