REGİONLAR


Bir gündə 650 min ağac əkək: Zaqataladan FOTOREPORTAJ

Zaqatala, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağacın əkilməsi təşəbbüsü Zaqatala rayonunun sakinləri tərəfindən də böyük razılıqla qarşılanıb. Kampaniya çərçivəsində dekabrın 6-da keçirilən aksiya zamanı rayon ərazisində minlərlə ağac tinginin əkilməsi planlaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya Zaqatala şəhəri və rayonun 28 inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrini əhatə edir. Bayram əhval-ruhiyyəsi, çal-çağırla keçirilən aksiya zamanı Zaqatala-Qax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Zaqatala şəhərinin küçə, prospekt və parklarında əsasən akasiya, katalpa, ağcaqayın, qoz, şabalıd, həmçinin dekorativ ağaclar əkilib.

Zaqatalalılar Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən aksiyanın əhəmiyyətini yüksək qiymətləndirir, əkilən ağacların ölkəmizdə ekoloji mühitin daha da sağlamlaşdırılmasına çox böyük töhfə olacağını bildirirlər.

Gün ərzində davam edəcək aksiyada 2 minədək rayon sakini iştirak edir.

Genişmiqyaslı ağacəkmə aksiyaları şimal-qərb bölgəsinin digər rayonlarında da keçirilir.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsi üçün iqlimə və mühitə uyğun meşə və meyvə tingləri seçilib. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.