İQTİSADİYYAT


Bir gündə dayanma və durma qaydasının pozulmasına dair 3500-dən artıq fakt aşkarlanıb

Bakı, 10 yanvar, Elvin Camalov, AZƏRTAC

Bir gündə dayanma və durma qaydasının pozulmasına dair 3500-dən artıq fakt aşkarlanıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində Bakının Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Qara Qarayev, Hüseyn Cavid prospektlərində, həmçinin Şərifzadə, Ağa Nemətulla, Bəxtiyar Vahabzadə, K.Rəhimov, Rəşid Behbudov, Səməd Vurğun, “28 May” və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsilə dayanma və durma qaydalarının pozulması halları qeydə alınır. İnsan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib.

Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların quraşdırılması ilə bağlı tədbirlər də davam etdirilir.

Məlumat üçün bildirilib ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin əsas komponenti olan kameralar vasitəsilə əldə edilən məlumatların dövlət başçısının müvafiq Fərmanında qeyd edildiyi kimi mərkəzi informasiya sisteminə inteqrasiya da təmin edilib.

Sürücülərə parklanma zamanı daha diqqətli olmaları, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələri, digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmaları tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.