CƏMİYYƏT


Bir həftə ərzində dünyada COVID-19-a yoluxma hallarının sayı 4 faiz azalıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Ötən bir həftə ərzində dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə həyatını itirib. Yeni yoluxma hallarının sayı yeddi gündə 4 faiz, ölüm halları isə 2 faiz azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenində deyilir.

Məlumatda qeyd edilir ki, oktyabrın 11-dən 17-dək - bir həftə ərzində yeni yoluxma hallarının 7 faiz artdığını bildirən Avropa bölgəsi istisna olmaqla, ötən həftə ilə müqayisədə qalan bütün regionlar yeni yoluxma hallarının sayının azalması barədə məlumat veriblər. Xüsusilə əhəmiyyətli azalma Afrikada (18 faiz), eləcə də Qərbi Sakit Okean regionunda (16 faiz) qeydə alınıb. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Afrikada (25 faiz) və Cənub-Şərqi Asiyada (19 faiz) azalıb. Ölüm hallarının sayında artım yalnız Avropada (4 faiz) və Qərbi Sakit Okean regionunda (1 faiz) qeydə alınıb.

Bülletendə verilən statistik məlumatlara görə, oktyabrın 11-dən 17-dək dünyada 2 763 957 yoluxma halı və 46 140 ölüm halı aşkar edilib ki, bu da oktyabrın 4-dən 10-dək olan dövrlə müqayisədə müvafiq olaraq 4 faiz və 2 faiz azdır. Bir həftə ərzində yoluxanların ən çox sayı barədə təşkilata Birləşmiş Ştatlar tərəfindən bildirilib (582 707). Ondan sonra Böyük Britaniya (283 756), Rusiya (217 322), Türkiyə (213 981) və Hindistan (114 244) yer alıblar.

Koronavirusun "alfa" və "delta" ştamları bir həftə ərzində bir qədər yayılmasını genişləndirib. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar edilən “alfa” ştamı indi 196 ölkə və ərazidə mövcuddur, halbuki bir həftə əvvəl belə ölkələrin sayı 195 idi. “Delta” variantının mövcudluğu barədə məlumatlar 193 ölkədən daxil olub və bir həftə ərzində bu siyahıya iki dövlət əlavə olub. Bu ştam Hindistanda aşkar ediləndən sonra 2020-ci ilin oktyabrından bəri mütəxəssislərə məlumdur. Ötən ilin avqust ayında Cənubi Afrika Respublikasında aşkar edilən “beta” variantı 145 dövlətdə dövr edir, 2020-ci ilin sentyabr ayında Braziliyada aşkar edilən “qamma” ştamı isə 99 ölkədə mövcuddur. Ötən həftə "beta" və "qamma" ştamlarının aşkar olunduğu ölkələrin sayı dəyişməyib.

ÜST-nin oktyabrın 19-na təqdim etdiyi statistik məlumatlara görə, pandemiyanın başlanğıcından bəri dünyada 240 940 937 yoluxma halı və 4 903 911 ölüm halı qeydə alınıb. Son bir gündə 325 875 yoluxma və 5 201 ölüm halı barədə məlumatlar daxil olub.

Bu günə qədər Azərbaycanda 505 min 554 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, 479 min 675 nəfər müalicə olunaraq sağalıb, 6 min 793 nəfər ölüb, 19 min 86 nəfərin müalicəsi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.