REGİONLAR


Bir hektar pambıq sahəsini sığortalamaq neçəyə başa gəlir? - AÇIQLAMA

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanda pambıq sahələrinin böyük hissəsi Aran regionunun payına düşür. Ölkənin əsas pambıqçılıq rayonları Saatlı, Sabirabad, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Salyandır. Bundan başqa, pambıq Goranboy rayonunda (Gəncə-Qazax regionu), Cəlilabad rayonunda (Lənkəran regionu), Füzuli, Ağdam və Tərtər rayonlarında (Yuxarı Qarabağ regionu) və Ağsu rayonunda (Dağlıq Şirvan regionu) da əkilir.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildiriblər ki, ölkə üzrə pambıq sahələrinin orta məhsuldarlığı 33,6 sentner təşkil edir.

Bir kiloqram pambığın orta satış qiyməti 65 qəpikdir. Bu hesabla pambıq tarlasında hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 2200 manata çatır.

Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri, iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir. Belə ki, pambıq məhsulu üzrə sığorta tarifi Aran regionunda 0,95 faiz, Yuxarı Qarabağda 1,18 faiz, Gəncə-Qazax regionunda 2,91 faiz, Lənkəran regionunda 0,79 faiz, Yuxarı Şirvan regionunda 1,35 faiz təşkil edir.

Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifini nəzərə alaraq, 1 hektar pambıq sahəsinin orta sığorta haqqı aşağıdakı kimidir:

Aran regionu üzrə təqribən 21 manat: 10,5 manatını fermer, 10,5 manatını da dövlət ödəyir.

Yuxarı Qarabağ regionu üzrə təqribən 26 manat: 13 manatını fermer, 13 manatını dövlət ödəyir.

Lənkəran regionu (Cəlilabad) üzrə təqribən 18 manat: 9 manatını fermer, 9 manatını dövlət ödəyir.

Gəncə-Qazax regionu (Goranboy) üzrə təqribən 64 manat: 32 manatını fermer, 32 manatını dövlət ödəyir.

Dağlıq Şirvan regionu (Ağsu) üzrə təqribən 30 manat: 15 manatını fermer, 15 manatını dövlət ödəyir.

Qeyd edək ki, hesablama ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

Bütün hallarda sığorta haqqının 50 faizini fermer, qalan 50 faizini isə dövlət ödəyəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.