REGİONLAR


Bir hektardan 2 ton məhsul – Şəmkirdə yerfındığı sahəsindən REPORTAJ VİDEO

Şəmkir, 26 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Qərb bölgəsində yerfındığının yığımı başa çatmaq üzrədir. Sahədən yığılan məhsul qurudulub təmizlənir, qabıqlı və ya dənələri qovurulmuş halda satışa çıxarılır.

AZƏRTAC xəbər verir ki, Şəmkir rayonunun Sarıtəpə kəndində əsasən axıska türkləri tərəfindən becərilən bu bitkinin əkininə son illər tələbat artıb. Sakinlər 30 ilə yaxındır ki, yerfındığı əkib becərirlər.

Payızın soyuq günləri olmasına baxmayaraq, yerfındığı bitkisi mövsümün bu dönəmində torpaqdan çıxarılır. İşin əsas mərhələsi də bundan sonra başlayır. Bir yerə toplanan yerfındığının yaşıl kütləsi qurudulur, bir neçə gün saxlanılır. Bundan sonra isə yerfındığının gövdədən əl ilə təmizlənməsi prosesi başlayır.

Tələbata gəlincə, alıcısı olduğundan sakinlər satışda ciddi çətinlik çəkmirlər. Məhsul sahibləri hazırkı qiymətlərin onları qane etdiyini deyirlər. “Bu bitki əsasən Özbəkistanda becərilir. Biz toxumları oradan gətirib əkmişik. Torpaqdan çıxarıldıqdan sonra 10-15 gün qurumasını gözləyirik. Bizdə təmizləmə, qurutma texnikası olmadığına görə, əl əməyindən istifadə edirik”, – deyə kənd sakini Virşan Meralıyev bildirib.

Məhsul sahibləri deyirlər ki, xarici ölkəyə ixrac edilsə, yağ müəssisələri açılsa, yerfındığı əkininə maraq daha çox artar. Kənd sakini Məhəmməd Abuzər: “Yerfındığı gəlirli bitkidir. Yəni hektara 200 kiloqram əkirsən, 2 ton məhsul verir. Hazırda bir kiloqramının topdansatış qiyməti 3 manatdır. Məhsulumuz dünya bazarına, yaxud Rusiyaya, başqa dövlətlərə ixrac olunsa, ya da ki, öz zavodumuz olsa lap yaxşı olardı”.

Yer fındığı əkən torpaq sahibləri bir hektar sahəyə təxminən 1500 manata qədər vəsait xərcləyir. Elə də susevər olmayan bu bitki cəmi 4 dəfə suvarılır. Təxminən 3 dəfə də alaq otlarından təmizlənir. Məhsulun saxlanması da asandır. Quru şəraitdə saxlanarsa, uzun müddət xarab olmur. Becərildiyi müddətdə dərmandan da istifadə olunmur.

Qeyd edək ki bəzi ölkələrdə yerfındığı toxumlarından ərzaq yağı almaq üçün əkilib becərilir. Tərkibində 60 faizə qədər yağ, 35 faizdən çox zülal var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.