REGİONLAR


Bir küçədə yaşamış iki Sovet İttifaqı Qəhrəmanı  – Tovuzdan reportaj VİDEO

Tovuz, 9 may, Ruslan Novruzoğlu, AZƏRTAC

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 76-cı ili tamam olur. Bu müharibədə ölkəmizdən də minlərlə gənc qanlı savaşa qatılıb, qəhrəmanlıqlar göstərib. Faşistlərin məhv edilməsində azərbaycanlıların da böyük rolu olub. Xüsusi qəhrəmanlıqları ilə fərqlənənlər isə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunublar.

AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsində Tovuzdan 7790 nəfər iştirak edib, onlardan yalnız 3612-si sağ qayıdıb. Tovuz keçmiş SSR-də yeganə rayonlardandır ki, onun üç Sovet İttifaqı Qəhrəmanı olub. Onların hər üçü Berlinədək döyüş yolu keçib, qorxmazlıqları və şücaətləri ilə bu ada layiq görülüblər. Qəhrəmanlardan Məstan Əliyev ölümündən sonra bu ada layiq görülsə də, Mərdan Musayev və Yusif Sadıqov sağ olaraq doğulduqları rayona dönüb, ömürlərinin sonunadək bir küçədə yaşayıblar. İsmayıl Mürşüdov adına küçə ötən əsrin ortalarından məktəblilərin, fəxri qonaqların, turistlərin ən çox üz tutduğu məkandır.

Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovun evində hazırda kiçik övladı Mehdi yaşayır. O, hər iki qəhrəmanın bir küçədə yaşamasının təsadüf olduğunu bildirib. Onun sözlərinə görə, hazırda yaşadıqları küçə ötən əsrin əvvəllərində salınıb. “Müharibənin ilk illərində sovet mərmiləri alman tanklarını məhv edə bilmirmiş. Atam təklif verib ki, hər tanka iki top ayrılsın. Topun biri tankın tırtılını vursun. Bu zaman tank 180 dərəcə fırlanacaq və həmin an ikinci top ilə onun yanacaq çəni vurulsun. Bu yolla sovet topları, mərmiləri təkmilləşənə kimi alman tanklarının qarşısını kəsiblər. Atamın bu döyüş taktikasına o vaxt şahmatın “at gedişi” adı veriblər. Digər bir döyüşdə onun başçılıq etdiyi topçular 9 tankı məhv edib. Hansıki 5-ni atam özü vurub. Varşava yaxınlığındakı döyüşlərin birində minə yaxın sovet əsgərini əsirlikdən azad ediblər. Bu göstərdiyi igidliklərə görə rəhbərliyə təqdimat verilib və 1945-ci il mayın 31-də bu ada layiq görülüb”, - deyə qəhrəmanın oğlu Mehdi Sadıqov bildirib.

Yusif Sadıqov digər tovuzlu qəhrəman Mərdan Musayevlə yaxın dost olub, bütün tədbirlərdə, paradlarda birgə iştirak ediblər. Digər evdə isə hazırda Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevin gəlini öz övladları və nəvələri ilə birgə yaşayır. Gəlini Şəfiqə Musayeva övladları kimi, onun da həmişə qayınatası ilə fəxr etdiyini söyləyir: “Dəfələrlə yaralansa da, müalicə olunduqdan sonra yenə döyüşlərə qatılıb. Sonuncu döyüşdə, təltif edilməmişdən öncə də ağır yaralanıb. Sinəsini güllənin qabağına verərək komandirini qoruyub. Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü də elə hospitalda eşidib”.

Mərdan Musayevin yolunu indi nəvəsi, həm də onun adını daşıyan gənc Mərdan Musayev davam etdirir. O, babasının yolunu davam etdirərək, Aprel döyüşlərində və Vətən müharibəsində də iştirak edib. “Öz oğlu da hərbçi olub. Mənim oğlum Mərdan isə hazırda polkovnik-leytenantdır. Aprel döyüşlərində də olub, 44 günlük Vətən müharibəsində də iştirak edib. Prezident tərəfindən bir neçə medalla təltif olunub”, - deyə Ş.Musayeva əlavə edib.

Tovuz sakinləri də öz qəhrəmanlarını unutmurlar. Hazırda rayonda hər 3 Sovet İttifaqı Qəhrəmanının adına küçə və məktəb var. Eyni zamanda, Tovuz Qəhrəmanlar Parkında onların büstləri qoyulub. Bu park yerli sakinlərin sevimli məkanıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.