ELM VƏ TƏHSİL
Bir neçə şirkət AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti kimi qeydiyyata alınıb
Bakı, 14 fevral, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət etmiş şirkətlərin innovasiya və ya yüksək texnologiya layihələrinin qiymətləndirilməsi məsələsinə baxılıb.
AZƏRTAC xəbər verir ki, bu müəssisənin Ekspertlər Şurasının iclasında “Buta Armor Technologies” MMC, “4MAPS Bilgi Teknolojileri” MMC və “Aşqar” Elmi İstehsalat Birliyinin rəhbərləri öz layihələri ilə bağlı ətraflı məlumat veriblər.
Ekspertlər Şurasının üzvləri çıxışlara münasibət bildirdikdən sonra layihələr YT Parkın rezidentliyinə qəbul edilib.
İclasda YT Parkın baş direktoru, professor Elton Məmmədov deyib: “Hər bir rezident üçün lazımi şəraitin yaradılması və onlara dəstək göstərilməsi üçün əlimizdən gələni etməyə hazırıq”. O, elmtutumlu layihələrin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması məqsədilə istehsalçılar və sahibkarların birgə fəaliyyətinin zəruriliyini qeyd edib.