CƏMİYYƏT
Bir nəfəri qətlə yetirib, digərini isə öldürməyə cəhd edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Bakı, 1 dekabr, AZƏRTAC
Noyabrın 27-si saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Sabunçu Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rahib Lətifovun bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirdiyi, Ramil Lətifov və Qorxmaz Lətifovun isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetirdikləri müəyyən olunub.
Toplanmış sübutlarla Rahib Lətifov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), Ramil və Qorxmaz Lətifovlar isə Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.