REGİONLAR
“Bir ömrün işığı” kitabının və eyniadlı sənədli filmin təqdimatı keçirilib
Masallı, 16 may, AZƏRTAC
Masallı şəhər Gənclər Mərkəzində tanınmış şair-publisist Süleyman Əlisanın “Bir ömrün işığı” kitabının və eyniadlı sənədli filmin təqdimatı keçirilib. “Şərəf nişanı” ordenli müəllim Kamil Yadulla oğlu Nurullayevin xatirəsinə ithaf olunan kitab və film onun ömür yolundan bəhs edilir.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində rayon rəhbərliyi, Kamil Nurullayevin doğmaları, vaxtilə onunla çiyin-çiyinə çalışan Yardımlı və Cəlilabad rayonundan gələn müəllim yoldaşları, şagirdləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, kitabda Kamil müəllim haqqında doğmalarının, müəllim yoldaşlarının, onu yaxından tanıyanların xatirələri toplanıb. Bildirilib ki, Kamil Nurullayevin nümunəsində müəllimlik peşəsinin sadəcə iş, sənət deyil, böyük fədakarlıq tələb edən çox gərəkli fəaliyyət sahəsi olduğu əksini tapıb. Ona görə də müəllimlər bütün dövrlərdə və cəmiyyətdə ən hörmətli peşə sahibləri sayılıblar. İnsanlardan varını, biliyini, bacarığını əsirgəməyən müəllimin xoşbəxtliyi ondadır ki, bu ömür qətrə-qətrə, damla-damla şagirdlərin qəlbinə hopur, onlar üçün örnəyə çevrilir, neçə-neçə gəncin həyat yolunu işıqlandırır.
Sonra “Bir ömrün işığı” sənədli filminə baxış keçirilib, tədbir iştirakçılarına eyniadlı kitab hədiyyə edilib.