İQTİSADİYYAT
“Bir pəncərə” e-sisteminin ölkədə tətbiqinin genişləndirilməsinə dair vəziyyət barədə fikir mübadiləsi aparılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” İşçi Qrupunun növbəti onlayn iclası keçirilib.
AZƏRTAC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir ki, iclasda cari ilin 10 ayı ərzində tikinti icraatında iştirak edən qurumlar tərəfindən tikinti və istismara icazə prosesi üzrə müraciətlərin icra müddəti, cari vəziyyətin səbəblərinə dair statistik məlumatları və təhlilləri əks etdirən təqdimat nümayiş etdirilib.
Bununla yanaşı, “Bir pəncərə” e-sisteminin ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair vəziyyət haqqında məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb və ümumilikdə e-sistemin təkmilləşdirilməsi yönündə aparılan işlər, gələcək hədəflərlə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinin tələblərinin təmin edilmə vəziyyətinin araşdırılması barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədrinin tapşırığının icrasına dair görülmüş işlər və növbəti ilin Fəaliyyət Planında bu məsələ ilə bağlı yer almış təkliflər barədə məlumat verilib.
Sonda İşçi Qrup üzvlərinin təklifləri əsasında tərtib edilmiş 2022-ci il üzrə Fəaliyyət Planının ilkin layihәsinin müzakirəsi aparılaraq dekabr ayınadək yekunlaşdırılması və “Bir pəncərə” e-sisteminin texniki imkanlarının təkmilləşdirilməsi istiqamətində cari ay ərzində keçiriləcək tematik görüşün mövzusu barədə qərarlar qəbul edilib.