REGİONLAR
Bir pətəkdə iki ana arı saxlayan tərtərli arıçı yüksək məhsuldarlığa nail olub FOTO VİDEO
Tərtər, 4 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərli arıçı Bəkir Ağayev arının saxlanması və məhsuldarlığın artırılması istiqamətində yenilikləri daim izləyir və təsərrüfatında tətbiq edir. Bu il Kanada təcrübəsi əsasında bir pətəkdə iki ana arı saxlayan tərtərli arıçı yüksək məhsuldarlığa nail olub.
O, AZƏRTAC-a müsahibəsində çoxanalı pətəyin üstünlüklərindən danışıb, yeni üsulun tətbiqi sayəsində pətəkdə işçi arıların sayının artdığını, bunun isə məhsuldarlığa müsbət təsir göstərdiyini deyib: "Daim dünya arıçılığı ilə maraqlanır, bu sahədəki yenilikləri öyrənirəm. Bu il də Kanadada istifadə olunan çoxanalı üsulu öz təsərrüfatımda 10 pətəkdə tətbiq etdim. İki ana arı olan hər bir pətəkdən birinci süzüm zamanı 55-60 kiloqram bal götürdük".
Arıçı bildirib ki, ana arı yumurtaları pətəyin birinci mərtəbəsində qoyur. Odur ki, bal süzümü zamanı diqqət etmək lazımdır ki, yumurta qoyulmuş pətəklərə toxunulmasın. Əvvəlcə süzümə hazır olan çərçivələrin üzünün qaymaqları götürülür. Sonra çərçivələr balsüzən maşına qoyulub süzülür. Hər çərçivədən mövsüm ərzində arının yığdığı baldan asılı olaraq 1,5-4 kiloqram məhsul götürmək olur. Hazırda arıların akasiyadan, biyandan, qaratikandan topladığı balın süzümü həyata keçirilir.
Təcrübə məqsədilə ilkin olaraq 10 pətəkdə çoxanalı üsulu tətbiq edən arıçı gələcəkdə bunu daha da genişləndirəcəyini deyib. Bildirib ki, yeni üsulun tətbiqi üçün ana setkasından istifadə edilir. Pətəkdəki ana arılar eyni ilə mənsub olmalıdırlar. Əgər ana arıların biri digərindən 1-2 yaş böyük olarsa, onun əmri ilə işçi arılar tərəfindən digəri məhv edilər. Odur ki, ana arıların hansı ilə mənsub olduğunu bilmək üçün onların boynunun arxasından hər ilə uyğun bir rəngdə işarələnir. Pətəyə qoyulmuş setkadan işçi arılar asanlıqla keçirlər. Ana arılar və erkək arılar isə böyük olduqları üçün setkadan keçə bilmirlər. Əgər pətək setka ilə mərtəbələrə ayrılmasa, daha güclü ana arı digər ana arını məhv edər.
Arıçı bildirib ki, gələcəkdə üç və daha çox ana arılı sistem tətbiq etməyi nəzərdə tutub. 6-7 mərtəbədən ibarət üçanalı sistemlə hər bir pətəkdən 80-100 kiloqram bal götürmək mümkündür.
Təsərrüfatında 120 arı ailəsi bəsləyən Bəkir Ağayev arıları payız-qış mövsümündə Tərtərdə saxlayır, may ayının sonunda Kür çayının kənarına, daha sonra isə İsmayıllı və Ağcakənd zonalarına aparır. Arılar Tərtərdə akasiya, Kür qırağında biyan, yağtikanı, İsmayıllıda qaratikan, Ağcakənddə isə cökədən bal toplayır.