CƏMİYYƏT
Bir qrup Vətən müharibəsi qazisi və veteranı istirahət üçün Xaçmaz rayonuna yola düşüb VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazi və veteran xüsusi avtobuslarla iyunun 22-də paytaxtdan Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Orman” ailəvi istirahət mərkəzinə yola salınıb.
AZƏRTAC xəbər verir ki, iyunun 27-dək nəzərdə tutulan səfər çərçivəsində veteran və qazilər xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılmış abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcək, həmçinin Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Qeyd edək ki, “Orman” istirahət mərkəzində istirahət edəcək Vətən müharibəsi qazilərinin və veteranlarının günlük istirahətlərinin səmərəli keçirmələri üçün müxtəlif oyun və yarışların təşkili planlaşdırılıb. Həmçinin onların FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub.