SİYASƏT


Bir qrup azərbaycanlı ekoloq Rusiyanın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib VİDEO

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycanda ekologiya sahəsində fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatının nümayəndələri dekabrın 9-da Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi, sərvətlərimizin talan olunması və ermənilərin özbaşınalıqlarına son qoyulmasını tələb ediblər.

Bildirilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ölkəmizin ərazilərində ekoloji vəziyyətin gərginləşməsi azərbaycanlı ekoloqları və fəalları ciddi narahat edir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il ərzində işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycana qarşı ekoloji terror törədilmiş, bir çox faydalı qazıntı yataqları qanunsuz istismar edilib. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra uzun illər qanunsuz istismar və talan olunan yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar halları təəssüf ki, davam etməkdədir.

Vurğulanıb ki, faydalı qazıntı yataqlarının qanunsuz istismarı ekoloji vəziyyəti gərginləşdirməklə mülki əhaliyə, ətraf mühitə, biomüxtəlifliyə, yeraltı və yerüstü su resurslarına, eləcə də Azərbaycanın digər ərazilərindəki ekoloji mühitə mənfi təsir göstərir.

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar hallarının və ekoloji vəziyyətin dəyərləndirilməsinin vacibliyi bildirilib. Bu xüsusda, azərbaycanlı ekoloqların və fəalların azad olunmuş ərazilərə səfər etmələri üçün təhlükəsizliyin təmin olunması və monitorinq aparılması üçün lazımi şəraitin yaradılması xahiş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.