CƏMİYYƏT
Bir qrup fəal gənc İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində ekskursiyada olub
Bakı, 23 may, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qərbi Kaspi Universitetinin bir qrup fəal gənci atçılıq və müasir beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində ekskursiyada olublar.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ekskursiya zamanı məktəbin əməkdaşları Azərbaycanda atçılıq idman növünün qədim dövrlərdən diqqətçəkən olduğunu qeyd ediblər: “Müasir dövrümüzdə də bu idman növünə maraq artmaqda davam edir. Hazırda Bakı Dövlət Cıdır Meydanının ərazisində Respublika Atçılıq İdman Məktəbinin fəaliyyət göstərməsi ölkəmizdə idmanın bu növünün inkişafından xəbər verir. Məktəbin at tövlələrində Belçika, Niderland, ingilis, ərəb, alman cinsləri, axaltəkə və yerli Dilboz atları saxlanılır.
Gənclər ekskursiya zamanı atlara minib və xatirə şəkilləri çəkdiriblər.