MƏDƏNİYYƏT
Bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar təqdim edilib
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin 2021-ci il 16 oktyabr və 17 noyabr tarixli sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Nazir Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərdiyini və onları diqqətdə saxladıqlarını vurğulayıb. Bildirilib ki, bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini bildirən Anar Kərimov Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, mədəniyyətinin də bütövləşdiyini diqqətə çatdırıb: “Qarabağsız Azərbaycan mədəniyyəti bütöv ola bilməzdi. Fəxr edirik ki, bu günləri yaşayırıq. Ərazi bütövlüyümüzün bərpasından ötən qısa müddətdə Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görülüb. Keçən il mədəniyyət paytaxtımız Şuşa şəhərində müxtəlif tədbirlər keçirilib. Bununla da biz bütün dünyaya göstəririk ki, Qarabağa mədəniyyətimizi qaytarırıq”.
Nazir vurğulayıb ki, Vətən müharibəsi sona çatsa da, informasiya müharibəsi davam etməkdədir. Qeyd olunub ki, bu məsələdə mədəniyyət ictimaiyyətinin üzərinə də mühüm missiya düşür: “Biz də öz cəbhəmizdə vəzifəmizi layiqincə yerinə yetirməli, mədəniyyətimizi həm ölkə daxilində, həm də xaricdə davamlı olaraq tanıtmalıyıq. Qarabağımızda mədəniyyətimizi dirçəltmək üçün var-qüvvəmizlə çalışmalıyıq”.
Anar Kərimov Prezident İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladığını və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq olunduğunu söylədi. Sənəddə əksini tapan əksər tədbirlərin icrasının Mədəniyyət Nazirliyinə həvalə olunduğu diqqətə çatdırılıb. Nazir il ərzində nazirlik tərəfindən bir sıra tədbirlərin keçiriləcəyini bildirib: “İki gün əvvəl Mədəniyyət Nazirliyinin “Şuşa söhbətləri” layihəsinin təqdimatı keçirildi. Mən əminəm ki, “Şuşa İli”ni sizinlə birgə layiqincə keçirəcəyik”.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Xalq rəssamı”, “Əməkdar rəssam” fəxri adları, 2-ci dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları sahiblərinə təqdim olundu.
“Tərəqqi” medalına layiq görülən Əməkdar artist Bəhram Bağırzadə Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov isə “Tərəqqi” medalı ilə təltif olunmasına və teatra göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.