CƏMİYYƏT
Bir sıra ərazilərdə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqinə başlanılıb
Bakı, 6 may, AZƏRTAC
Ötən ilin sonundan etibarən ölkəmizdə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi məqsədilə “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu ərazisində tətbiqinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Gələcəyə Baxış: Rəqəmsal Kənd Təsərrüfatına Keçid Beynəlxalq Konfransı”nda deyib.
O bildirib ki, sistem Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində yaradılıb. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi hər bir heyvanın və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
“Sistemdə heyvanın keçirdiyi xəstəliklər, o cümlədən ona nə zaman və hansı peyvəndlərin vurulduğu, hansı baytarlıq preparatlarından istifadə edildiyi və sair barədə məlumatlar yer alacaq. Bundan əlavə, sistem vasitəsilə peyvəndlənmədən sonra gözləmə dövrünü, eləcə də müalicə üçün istifadə edilən dərman preparatlarının aktiv maddələrinin heyvanın orqanizmindən xaric olma müddətini izləmək mümkün olacaq”, - deyə Qoşqar Təhməzli vurğulayıb.