Bir tərəfdə erməni barbarlığı, digər tərəfdə qalib Azərbaycan xalqının qurub-yaratmaq əzmi FOTO VİDEO
AzerTAg.az
Cəbrayıl, 22 oktyabr, A.Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl və Qubadlıda həyat yenidən canlanır. Dövlətimiz tərəfindən işğaldan azad olunan digər rayonlar kimi, Cəbrayıl və Qubadlıda da tikinti-quruculuq işləri sürətlə davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri Prezidentin izi ilə Cəbrayıl və Qubadlı rayonlarında olub. Müxbirimizin bu rayonlarda aparılan quruculuq işləri haqda qeydlərini təqdim edirik.
Yolumuz şanlı Aprel döyüşləri zamanı azad edilən Lələtəpə və Cocuq Mərcanlıdan keçir. 44 günlük Zəfər yürüşü zamanı azad edilən ərazilərə məhz buradan keçib gedirik. Cocuq Mərcanlıda tikilən evlər uzaqdan da görünür. Yolboyu düşünürsən... Ermənilərin darmadağın etdiyi bütün yurd yerlərimiz, inşallah, qısa vaxtda yenidən bərpa olunacaq. Həmin yerlərdə də Cocuq Mərcanlıda olduğu kimi həyat qaynayacaq, yenidən uşaq səsləri gələcək, toy-büsat olacaq. Bu ərazilərdən bir az uzaqda erməni vandalizminin izləri açıq-aydın görünür: yerlə-yeksan olan evlər, obyektlər, təhqir edilmiş məscidlərimiz, qəbiristanlıqlarımız, tarixi abidələrimiz və s. Gördüklərimiz ürəkağrıdır, amma nə yazıq ki, reallıqdır...
Naxçıvan Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq
Avtomobilimiz irəlilədikcə dövlətimizin bu torpaqlarda apardığı genişmiqyaslı işləri görürük. Bir tərəfdə erməni vəhşiliyi, barbarlığı, digər tərəfdə qalib Azərbaycan xalqının qurub-yaratmaq əzmi. Nə qədər kədərlənsək də, doğma torpaqlarımızda görülən işlər insanı sevindirir. Bu düşüncələr içində ikən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını elektrik enerjisi ilə təmin edəcək Cəbrayıl Qovşaq yarımtansiyasına çatırıq. Prezident İlham Əliyev oktyabrın 19-da Cəbrayıla səfəri zamanı 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə də tanış olub.
Dörd ay əvvəl təməli qoyulan yarımstansiyada bir çox işlər başa çatıb. Böyük həcmdə torpaq, tikinti-quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevlə söhbət zamanı bildirdi ki, yarımstansiya vasitəsilə Qarabağ və Şərqi Zəngəzur regionlarını dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq. O cümlədən İranla müştərək tikilən “Xudafərin” və “Qız qalası” Su elektrik stansiyalarında, həmçinin alternativ və bərpaolunan enerji mənbələrində və kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir.
Ölkə rəhbəri tərəfindən Cəbrayılda təməli qoyulan 35 kilovoltluq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi də mühüm əhəmiyyətə malik layihədir. İnşa olunacaq Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanacaq. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək.
"Cəbrayıl şəhər" 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Hadrut” qovşaq yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat sxemi yaradılacaq. Eyni zamanda, “Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiyanı Mərkəzlə birləşdirəcək ikidövrəli kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcək.
Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malik olacaq.
Qumlaq dəmir yolu stansiyası yüklərin səmərəli və təhlükəsiz daşınmasına imkan verəcək
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisindən keçən polad yolun tikintisi də sürətlə davam etdirilir.
Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli isə keçən il fevralın 14-də qoyulub və layihənin 2023-cü ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometrdir. Dəmir yolu xətti boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək. Hazırda dəmir yolu xəttinin 62-ci və 71-ci kilometrləri arasındakı ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır. Layihələndirilmə və tikinti işləri minatəmizləmə prosesinə paralel davam etdirilir.
Təməli yeni qoyulan Qumlaq stansiyası ümumilikdə 1,69 hektar ərazini əhatə edir. Stansiya modern üslubda dizayn edilib və platforma, stansiya binası, avtomobil, avtobus və taksi dayanacaqlarından ibarətdir. İstismara verildikdən sonra stansiya gündəlik olaraq 150-200 nəfər sərnişinə xidmət göstərəcək, habelə müvafiq istiqamətlərdə yüklərin səmərəli və təhlükəsiz daşınmasına imkan yaradacaq.
Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib
Dəmir yolu xətti ilə bərabər avtomobil yollarının da tikintisi sürətlə davam edir. Prezident İlham Əliyevin açılışını etdiyi Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi artıq istifadəyə verilib. Uzunluğu 42 kilometr olan köhnə Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolu 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb. Həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.
Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran buraxılıb – proses davam edəcək
Şərqi Zəngəzurda ekosistemin bərpası istiqamətində də dövlətimiz tərəfindən əhəmiyyətli layihələr icra olunur. Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi buna bariz nümunədir. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində oktyabrın 19-da Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər.
Şirvan Milli Parkından götürülən 18 baş ceyran Cəbrayıl rayonu ərazisinə fərdi reintroduksiya olunub. Proses bu il və gələn il də davam etdiriləcək. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.
Qubadlı göz oxşayan yaşıl bir məkana çevriləcək
Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda da tikinti işləri plan üzrə aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib.
Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər (“Sponge city”) yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Nəticədə şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur.
Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.
İşğal və Zəfər muzeyləri, dağıntılardan ibarət Memorial Park - kompleks 3 hektar ərazini əhatə edəcək
Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır.
Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaqdır. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək. Muzey binasının sonuncu mərtəbəsində isə ziyarətçilərin istirahəti üçün yaşıllıqlardan ibarət terras təşkil olunacaq.
Zəfər Muzeyinin interyeri də dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Zəfərə, o cümlədən “Dəmir yumruq” əməliyyatına həsr olunacaq. İkinci mərtəbədə vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılacaq. Həmçinin muzeydə müxtəlif sərgilərin keçirilməsi üçün xüsusi zal fəaliyyət göstərəcək. Buradan ziyarətçilər həm pilləkənlə, həm də lift vasitəsilə üst mərtəbədə yerləşən və müxtəlif mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan açıq səma altındakı amfiteatra qalxa biləcəklər.
Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.






































Xəbərin mətnində orfoqrafik səhv var