CƏMİYYƏT


Birdəfəlik ödəmələrin verilməsi dövlətimizin başçısının şəhidlərin vərəsələrinə göstərdiyi diqqətin növbəti bariz nümunəsidir

Bakı, 11 avqust, AZƏRTAC

Vətən uğrunda döyüşmək, ölkəmizin ərazi bütövlüyü uğrunda son damla qana qədər vuruşmaq hər bir azərbaycanlının borcudur. Qəhrəmanlar yurdu olan Azərbaycanın demək olar ki, hər qarışı şəhid qanı ilə yoğurulub. Ana vətənin dar günündə silaha sarılan, son nəfəsinədək döyüşən övladlardan biri də oğlum İsrafil İsmayılovdur. O, 1993-cü ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhadətə qovuşanda 19 yaşı tamam olmamışdı. Onu qorxmaz və cəsarətli bir döyüşçü kimi tanıyırdılar. Oğul itkisi ürəyimi yandırsa da, onun torpaq uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmasına görə fəxr edirəm.

Bu sözləri şəhidin anası Güllübəyim Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.

Şəhid anası, həmçinin bildirib: “Dövlət Vətən fədailərinin ailə üzvlərinə, vərəsələrinə daim dəstək olur, şəhidlərin xatirəsini əziz tutur. Şəhid ailəsi olaraq hər zaman qayğı ilə əhatə olunmuşuq. Birdəfəlik ödəmələrin verilməsi isə Prezident İlham Əliyevin şəhidlərin vərəsələrinə göstərdiyi diqqətin növbəti bariz nümunəsidir. Buna görə də dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Arzum budur ki, işğal altındakı torpaqlarımız tezliklə erməni qəsbkarlarından azad olunsun və şəhidlərimizin qisası alınsın”.

Qeyd edək ki, dövlətimizin başçısı ötən il aprelin 19-da “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. İlk olaraq 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin 11 min manat məbləğində birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu il yanvarın 28-də dövlətimizin başçısının imzaladığı daha bir Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla 12 min 268 şəhidin vərəsələrini əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.