MƏDƏNİYYƏT


Birgə film istehsalında baş verən bum

Bakı, 13 avqust, Məmməd Məmmədli, AZƏRTAC

İki və ya daha çox ölkənin birgə film istehsalına cəlb olunması hələ səssiz kino dövründə həyata keçirilən bir hadisə idi. 1950-ci ildən sonra birgə kino istehsalları adiləşməyə başlasa da növbəti onillikdə bu təcrübə böyük bir partlayışla müşayiət olundu. Şimali Amerika kinematoqrafiyası xaricdə film çəkmək üçün cəzbedici yerlər görəndə onların bu ölkələrlə əməkdaşlığı yalnız o zaman məna kəsb etməyə başladı. Hollivud Avropada çəkiliş apararkən başa düşdü ki, texniki heyəti və avadanlığı Atlantik okeanın o biri tayına daşımaqdansa, birgə istehsal sistemini qurmaq daha ucuz başa gələr. Avropalılar da birgə istehsalların iqtisadi baxımdan sərfəli olduğunu anladılar. Əgər İtaliya, Fransa və İspaniya ilə hansısa bir tammetrajlı ekran əsərini maliyyələşdirirdisə, aydın məsələ idi ki, lent ən azından bu iki ölkədə nümayiş olunacaqdı. Bu da filmin sonrakı taleyinə müsbət təsir göstərirdi. Nəzəri cəhətdən bu, kino istehsalı sahəsində sadə bir alternativ nümunə idi. Bir də ki, birgə istehsallar o qədər mühüm əhəmiyyət kəsb etdi ki, onlar Avropada yeni kino cərəyanlarının yaranmasına yol açdılar. Maraqlıdır ki, tənqidçilər ilk günlər birgə əməkdaşlıq prosesinə inamsızlıqla yanaşırdılar. Onlar bu cür filmləri maraqsız və hibrid kino adlandırırdılar. Filmin hansı ölkə tərəfindən çəkildiyinə heç vaxt fikir verməyən tamaşaçı, sonradan bu filmlərdən zövq almağa başladılar.

İlk növbədə Hollivud Avropanı (İtaliya, İspaniya və Yuqoslaviya) əsrarəngiz filmlər istehsal etmək üçün ideal yer seçdi. İlk ikincilərin məsafə baxımından daha yaxın və müasir infrastruktura malik olması Şimali Amerika kinosunu bu ölkələrlə yaxınlaşdırdı. Kinq Vidor 1956-cı ildə “War and Peace” filmini çəkərkən İtaliyanın onun ixtiyarına verdiyi kinostudiyanın çəkiliş meydançasını sınaqdan keçirən ilk rejissorlardan biri oldu. Sonradan nəhəng “Cinecittá” studiyalarında “Ben-Hur”, “Barabbas”, “Cleopatra” kimi möhtəşəm filmlər çəkildi. İspaniya belə studiyalara malik olmasa da, ölkə əvəzsiz təbiət mənzərələrini və kütləvi səhnələrdə çəkilişlər aparması üçün əsgərlərini kamera önünə çıxarmağa hər zaman hazır olan Franko rejiminin bütöv dəstəyini təklif edirdi. Robert Rossenin 1956-cı ildə “Alexander the Great” filmini ekranlaşdırarkən əldə etdiyi təcrübə digər rejissorları İspaniyaya

gəlməyə sövq etdi. Beləliklə, Kinq Vidor “Solomon and Sheba” filmini çəkməkdən ötrü İspaniyaya səyahət etdi. Entoni Mann bu ölkədə çəkdiyi “El Cid” ekran əsərində baş rolları Sofi Loren və Çarlton Hestona həvalə etdi. Stenli Kubrik “Spartacus” filminin bir hissəsini burada çəkdi, Nikolas Rey də “King of Kings” möhtəşəm kinolentinə görə İspaniyaya köçməli oldu.

Hollivud qədim dövrü əks etdirən monumental əsərlər yaratmağa başlayanda artıq İtaliyada klassik Yunanıstan və Roma imperiyasından bəhs edən mövzulara keçid olunmuşdu. Yuxarıda adlarını çəkdiyimiz Hollivud istehsalı olan kinolentlərin uğur qazanması italyanların tez-tez epik janra müraciət etməsinə səbəb oldu. Onlar tarixi hadisələrə bir qədər etinasız yanaşsalar da, əsasən az tanınmış (məşhur olmayan) aktyorlardan istifadə edərək və aşağı büdcəli filmlər çəkə-çəkə özlərinin fərdi üslublarını yaratdılar. Bu ekran əsərlərində erotik ştrixlərlə yanaşı, açıq-aydın işgəncə səhnələri də adi hala çevrilmişdi. Beləliklə, bu qarşıqlıqdan yaranan maraqlı və populyar janr bütün dünyaya yayıldı. Şimali Amerikalılar bu epik janrı “Qılınc və sandal”, fransızlar qədim dövrə məxsus geyimləri nəzərdə tutub “Peplum” adlandırdılar, ispanlar üçün isə bu, sadəcə olaraq “Roma filmləri” adını aldı.

İtaliya çoxlu sayda “Peplum” filmləri çəkdi. Onlardan “Hercules”, “Ursus”, “Maciste, l'uomo più forte del mondo”, “Orazi e Curiazi”, “La rivolta degli schiavi”, “The last days of Pompeii”, “Sodom and Gomorrah”, “Il colosso di Rodi”, “Perseo l'invincibile” kimi ekran əsərlərinin adlarını çəkmək olar. Filmlərin istehsalında İspaniya, Fransa, Almaniya və hətta ABŞ da iştirak edirdi. Gözlənildiyi kimi, bazar bu növ filmlərlə doldu və artıq “Peplum” janrına müraciət olunmadı. Onun əvəzinə əsasən ispan və italyanlar tərəfindən yaradılmış “Spagetti-vestern” janrı meydana çıxdı. Janrın yaranması haqqında müxtəlif fərziyyələr gəzsə də sonradan aydın oldu ki, italiyalı rejissor Sercio Leone hələ o zaman məşhur olmayan Klint İstvudla “Per un pugno di dollari” filmini çəkəndə insanlar arasında əsl şok yaşanmışdı. Leone-İstvud cütlüyünün yaratdığı “Per qualche dollaro in più”, “The Good, the Bad and the Ugly” ekran əsərləri insanlar arasında Avropa vesterni janrına şövqlü məhəbbət oyatdı. Hollivud vesternin qüruba doğru getdiyi vaxtda isə Avropa vesternin meydana gəlişi ən yaxşı və uğurlu bir təsadüf oldu. Avropalı kinoşünaslar zorakı filmlər çəkməklə janra yaxınlaşmağın yeni üsulunu tapdılar. Film boyu iri kadrlar və yenilikçi musiqidən bolluca istifadə edərək bütün süjeti qisas üzərində qururdular. “Spagetti-vestern” janrında çəkilmiş səhnələr “Cinecittá” studiyası və Almeriyanın təbiət mənzərələri ilə bir-birini əvəzləyirdi.

Janr Sercio Leone, Klint İstvud, əvəzsiz aktyor Li Van Clif, sevilən bəstəkar Ennio Morrikone kimi istedadları kəşf etdi və özündən sonra “Django”, “La resa dei conti”, “Sette pistole per i Mac Gregor”, “Il bianco, il giallo, il nero”, “Una pistola per Ringo”, “Tedeum” kimi gəlirli ekran əsərlərini yaratdı. “Spagetti-vestern” filmlərinin istehsalı say etibarı ilə zəngin olub və 70-ci illərə kimi davam edib. Lakin hər zaman olduğu kimi, bu qədər filmlərin arasında uğur qazanmayan kinolentlər də olub. Buna görə də ilk tapıntılara baxmayaraq, janrın bu qolu zamanın sınağından çıxa bilmədi.

“Spagetti-vestern” janrının ən böyük uğuru Avropa ölkələri arasında kino istehsalı aliansını möhkəmləndirmək oldu. Əsasən İspaniya və İtaliya istənilən növ layihələri gerçəkləşdirməkdən ötrü öz güclərini səfərbər etdilər. Bu iki ölkə əməkdaşlığı istənilən janrın – dəhşətli filmlər, komediya, dedektiv, müharibə filmlərinin öhdəsindən gəlib, əsas diqqəti “Sandokán”, “I cento cavalieri”, “La tulipe noire”, “El Zorro cabalga otra vez”, “Surcouf, l'eroe dei sette mari”, “I tre sergenti del Bengala”, “Agente S 03: Operazione Atlantide” kimi macəra filmlərinə yönəldiblər. Bu sonuncusu, Ceyms Bond haqqında çəkilən filmlərin çoxsaylı imitasiyalarından biri sayılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.