MƏDƏNİYYƏT
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
Bakı, 25 iyun, AZƏRTAC
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi hər zaman olduğu kimi, yenə fərqli mövzular ətrafında yeni layihələrə imza atır. Belə ki, müasir cəmiyyətin ən ağır bəlalarından biri olan narkomaniya ilə mübarizəyə bu dəfə müraciət edilən mövzu olacaq. Ümumilikdə insanlığın, ən əsası isə gənclərin məhvinə böyük təhlükə saçan bu bəladan qorunmaq üçün cəmiyyətin bütün təbəqələrinin diqqətini çəkəcək mərkəz tərəfindən həyata keçirilən “Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi məhz narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iyunun 25-də V.Siqarevin “Şeytan ailəsi” əsərinin müzakirəsi aparılıb. Layihənin budəfəki spikeri, qurumun əməkdaşı Rəfiqə Nəsirova qeyd edib ki, əsər bir ailənin narkomaniya silahı ilə necə məhv olduğundan bəhs edir. Eyni zamanda, əsər əsasında səhnələşdirilən “Ağ ölüm” tamaşasından da söhbət açılıb. Əsər gənc və istedadlı rejissor Ayla Osmanovanın quruluşunda Gənc Tamaşaçılar Teatrında təqdim edilib. Rejissorun əsərə gətirdiyi yeni nəfəs də xüsusi müzakirəyə səbəb olub. Müzakirə zamanı bu mövzuya həsr edilmiş məqaləyə də müraciət edilib. Narkomaniya ilə mübarizədə mədəniyyət vasitələrinin necə böyük rola sahib ola biləcəyi göstərilib.
Mütaliədə, həmçinin mərkəzin elmi katibi Cavid Əliyev, əməkdaşları Nurəddin Babazadə, Aygün Balabəyova, Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Əhliyyət Əliyev, Yardımlı rayon musiqi məktəbinin nəzəriyyə müəllimi Baba Babazadə və digərləri mövzu ətrafında çıxış ediblər.
Sonda mərkəzin direktoru Asif Usubəliyev qeyd edib ki, son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsi, həmçinin belə maarifləndirici tədbirlərin təşkil edilməsidir.
Xatırladaq ki, mərkəz tərəfindən zərərli vərdişlərə və narkomaniyaya qarşı bir neçə tədbir keçirilib. Onların sırasında Biləsuvar rayonunda “Sağlam həyat tərzi və mədəniyyət” mövzusunda silsilə debatlar və Ağcabədi rayonunda “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” mövzusunda seminarın adını xüsusi vurğulamaq olar.
Tədbir zamanı müasir cəmiyyətlərin bəlası adlanan zərərli vərdişlər ilə mübarizədə mədəniyyət və incəsənət mexanizmlərinin səmərəli istifadə olunması yolları, habelə dövlətin mövcud istiqamətdəki addımlarında mədəniyyət müəssisələrin rolu geniş müzakirə olunub.