İDMAN
Birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafeti başa çatıb VİDEO
Bakı, 9 iyun, Səxavət Quliyev, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da “Alov qüllələri” kompleksindən start verilib.
AZƏRTAC xəbər verir ki, məşəl paytaxt sakinlərinin hərarətli alqış sədaları altında alpinist Renat Rəhimxanovun müşayiəti ilə dünya memarlığının incilərindən sayılan “Alov qüllələri”nin ən hündür nöqtəsindən aşağı endirilib.
Birinci Avropa Oyunlarının məşəlçisi olduğu üçün qürur duyduğunu bildirən Renat Rəhimxanov “Bakı-2015”-də mübarizə aparacaq yerli idmançılara uğurlar arzulayıb. O bildirib ki, birinci Avropa Oyunları ərəfəsində bütün qitənin diqqəti ölkəmizə yönələcək. “Bakı-2015” Azərbaycanın təbliği baxımından mühüm fürsət olacaq.
Sonra məşəl UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan qədim İçərişəhərə gətirilib.
“Bakı-2015” məşəlinin İçərişəhərdə səyahəti Kiçik Qala küçəsindən başlayıb. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa qala qapısı meydanına, oradan isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız qalası meydanına gətirilib. Asəf Zeynallı küçəsi ilə hərəkətə davam edən məşəlin marşrutu daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidindən, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək orta əsrlərə aid Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşıb.
Məşəl marşrut boyu paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən böyük hərarətlə qarşılanıb. Məşəlin estafeti zamanı birinci Avropa Oyunlarının rəmzləri – Ceyran və Nar tədbirə bayram əhval-ruhiyyəsi qatıblar. Birinci Avropa Oyunlarının açılış mərasimini səbirsizliklə gözləyən paytaxt sakinləri Ceyran və Nar ilə xatirə şəkilləri çəkdiriblər.